Gözəl bir payız səhəri idi, günəş hər tərəfə gülümsəyirdi. Noyabrın 11-i idi, Vüsalə səhər tezdən durmuşdu, bu gün onlar Şəhidlər xiyabanına gedəcəkdilər. Bir azdan bütün ailə üzvləri masanın ətrafında idi - ata, ana, bacı və qardaş. Vüsalənin qızı Röyanın 19, oğlu Xəyalın 12 yaşı vardı. Səhər yeməyini yeyib evdən çıxdılar. Xiyabana çatanda saat 10 olardı, xiyabanda böyük bir izdiham vardı. Hamı Azərbaycanın Qarabağı erməni işğalçılarından azad etməsi münasibətilə Şəhidlər xiyabanına axışmışdı.
2020-ci il, noyabrın 10-u Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. İkinci Qarabağ müharibəsi (Vətən Müharibəsi) Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı.
Xəyal anasından soruşdu:
- Ana, bura niyə bu qədər çox adam gəlib?
- Oğlum, çünki biz düşmənə qalib gəlmişik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 28 ilin həsrətinə son qoydu, Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı. Siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi dəyər daşıyan Qarabağımız (Xocavənd, Xocalı, Şuşa, Ağdərə, Xankəndi) və ətrafındakı 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğaldan azad edildi. 28 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyuldu. Tarixi ədalət bərpa olundu! Bu Böyük Vətən müharibəsində qardaş Türkiyə ilə Pakistanın bizə maddi və mənəvi dəstəyi çox böyük oldu. Biz qardaş Türkiyə və Pakistan dövlətlərinə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Oğlum, sizlər bu dostluğu, bu qardaşlığı heç zaman unutmayın və gələcəkdə də qoruyub saxlamağa çalışın.
Bu müharibədəki şanlı qələbəmizlə, böyük qələbəni tariximizə al qanlarıyla yazan bu günkü şəhidlərimizin, 20 yanvar, 1-ci Qarabağ müharibəsi, Aprel, Naxçıvan və Tovuz şəhidlərinin intiqamı alındı. Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. Beynəlxalq təşkilatların 28 il ərzində edə bilmədiklərini Azərbaycanın Müzəffər Ordusu qardaş dövlətlərin dəstəyi və Ali Baş Komandanımızın rəhbərliyi ilə qısa müddətdə həyata keçirdi.
Azərbaycanın son 200 illik tarixində ilk dəfə torpaqlarımızı geri qaytardıq, müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı qələbə qazandı. Bu qələbəni təsdiq edən sənədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imza atdı. Bu, Prezidentimizin uğurlu diplomatiyasının, müasir standartlara cavab verən ordu quruculuğu siyasətinin nəticəsi idi. Bu tarix Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi.
Onlar xeyli gül alıb xiyabana girdilər. Məzarların üstünə qərənfil düzə-düzə Vüsalə şəhidlər haqqında Xəyala məlumat verirdi. Xəyal bu gənclərin şəkillərinə baxa-baxa soruşdu:
- Ana, bu günahsız gənclər niyə şəhid oldular, kimə neyləmişdilər ki?
Vüsalə Xəyalın başını sığallayaraq dedi:
- Oğlum, bu gənclərin şəhid olmalarının səbəbi çox-çox illər əvvəllərə gedib çıxır, vaxt olduqca bu barədə sənə danışaram.
Məktəbdə onlara 20 yanvar şəhidləri barədə çox məlumatlar vermişdilər, çox tədbirlər keçirmişdilər. Amma, Xəyalın sualları bitmək bilmirdi. Beləcə cərgələri gəzib, şəhidlərin ruhuna dualar oxudular.
Gün günortanı keçirdi, vaxtın necə keçdiyini hiss etməmişdilər. Xəyal xiyabandan çıxmaq istəmirdi:
- Ana, o biri çərgədəki şəhidləri də ziyarət edək.
Vüsalə gülümsəyərək:
- O biri cərgədəkiləri də, gələn dəfə ziyarət edərik, indi isə evə qayıtmaq vaxtıdır, - dedi.
Onlar evə çatanda saat 6 olardı, həm yorulmuşdular, həm də möhkəm acmışdılar. Röya:
- Ay ana, siz keçin otağa mən yeməkləri gətirim.
Vüsalə yorğun-yorğun:
- Hə, qızım, çox yaxşı olar.
Axşam Xəyal atası Raminə dedi:
- Ata, biz xiyabanda məzarların üstünə gül qoyduq, anam da onlar üçün dua oxudu.
Atası onu öpüb:
- Oğlum, o gənclər xalqımızın and yeri, qürur yeridir, onları tanımaq, adlarını uca tutmaq hər birimizin borcudur, - dedi. Gördünmü bütün şəhər camaatı şəhidlərimizin məzarını ziyarətə gəlmişdi.
- Anam söz verib ki, onların niyə şəhid olduqlarının səbəbini vaxtı olanda mənə danışacaq.
Aradan bir neçə gün keçdi. Bir gün Vüsalə işlərini bitirib, divanda əyləşmişdi, televizora baxırdı. Xəyal anasına yaxınlaşaraq dedi:
- Hə, ana, mənə şəhidlərdən danış, bu qədər gəncləri niyə öldürdülər.
Vüsalə bir qədər fikirləşib, Röyanı da çağırdı:
- Gəl, qızım, sən də qulaq as, bilirəm sən tariximizi yaxşı bilirsən, amma bir dəfə də mənim dilimdən dinlə.
Röya da stul şəkib anasına yaxın əyləşdi. Vüsalə ağır-ağır danışmağa başladı:
- Uşaqlar, bilirsiniz ki, mən 1989-cu ildə Ermənistandan Bakıya gələn qaçqınlardanam. 1973-cü ildə Ermənistanın Masis rayonunun (Zəngibasar mahalının) Sarvanlar kəndində anadan olmuşam. Ailəmiz beş nəfərdən ibarət idi - atam, anam, qardaşım, bacım və mən. O vaxt bizi Mərdəkandakı yataqxanalarda yerləşdirdilər. Burada orta məktəbi bitirib, Pedoqoji institutun tarix fakultəsinə qəbul olmuşam. İnstitutu bitirdikdən bir il sonra atanızla evləndim, buraya, Binəqədi kəndinə gəlin gəldim, o vaxtdan da burada yaşayırıq. Şəxsiyyət vəsiqəmdə doğulduğum məkan Masis rayonu, Sarvanlar kəndi yazılsa da, bu adlar ancaq vəsiqədə, bir də ürəyimdə qalır. İndi evimizə dağ ətirli otlar, çiçəklər alıb gətirəndə ürəyim qana dönür. Onlardan yurd ətri, Vətən ətri gəlir, bu ətir mənim qanıma hopub, ürəyim, sevgim o yerlərdə dustaq qalıb. Orada öz hallarına ağı deyən neçə-neçə tarixi abidələrimiz, ocaqlarımız, inanc yerlərimiz, qəbirstanlarımız qalıb.
Bu erməni qırılmışların bizim xalqımızla ədavəti XVIII-ci yüzillikdən başlayır. O vaxt İrəvan əhalisinin cəmi 1/4-i erməni olub. İrəvan xanlığının 73,8 faizi azərbaycanlılar, qalanı isə müxtəlif xalqlar idi. Ali patriarxları - katalikosun yeri İrəvan quberniyasının tərkibində, Eçmiədzin kilsəsində olub. XIX-cu əsrdən başlayaraq erməniləri başqa yerlərdən gətirib Qafqaza yerləşdirməyə başladılar.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra 40 min İran ermənisini Qafqaza köçürdülər.
1829-cu ildə Ədirnə sülh müqaviləsi bağlandıqdan sonra 90 min Türkiyə ermənisi də Qafqaza köçürüldü.
1896-cı ildə müxtəlif yerlərdən 986 min 460 erməni yenə də Qafqaza köçürüldü.
Bu murdarlar yaxşı millət olsaydılar oralardan Qafqaza köçürülməzdilər, bunları heç bir müsəlman milləti sevmir. Bunlar harada məskunlaşsalar bura bizimdir deyirlər. Arzuları çox böyükdür - Böyük Ermənistan yaratmaq, Qara dənizdən Xəzərədək hər yerə sahib çıxmaq istəyirlər. Onların Avropa və Amerikada havadarları çoxdur.
Təkcə XX əsrdə azərbaycanlıları 4 dəfə Ermənistandan qovublar: 1905, 1918, 1948 və 1988-ci illərdə. Torpaqlarımıza yiyə durublar. Neçə min illik torpaqlarımızı bir əsrdə bir milyona yaxın azərbaycanlı tərk edib.
1918-ci ildə özünü bolşevik adlandıran Şaumyan, Əmirov, Lalayan daşnakların liderləri ilə bərabər Bakıda, Şamaxıda, Naxşıvanda azərbaycanlıları qətlə yetirmişdilər. Şamaxının 40-a yaxın kəndini darmadağın etmişdilər. Amma, bu hadisəni bütün dünyaya erməni genosidi kimi yaydılar, adlarını bizə qoyub, bizi yana-yana qoydular. Biz səsimizi dünyaya çatdıra bildikmi? Yox, çatdıra bilmədik. Əvəzində Şaumyanlara abidələr ucaltdıq, onları xilaskar hesab etdik, adlarına şeirlər qoşduq. Bütün dünyaya bizi bar-bar, vəhşi, mədəniyyətsiz, özlərini isə fağır, əzabkeş, mədəni bir xalq kimi qələmə verdilər.
1920-ci ilin noyabrında Ermənistan SSR yaradılanda Zəngəzur, Ağrı dağının ətəkləri, Göyçə gölü sahilləri, Dilican dərəsi, Qaraqoyunlu, Cəlaloğlu və s. yerlər ermənilərə pay verildi.
1930-1937-ci illərdə daşnak Qriqoryan və Markaryanın əli ilə Azərbaycanın 30 minədək ziyalıları repressiya olunmuşdular.
1937-ci ildə Orta Asiyaya sürülənlərin faciəsi daha ağır idi.
1948-1952-ci illərdə xaricdən gələn erməniləri yerləşdirmək üçün Ermənistandan 150 min azərbaycanlı köçürdülər. Azərbaycanlıların çıxarıldıqları kəndlərin, rayonların çoxuna erməni ayağı dəymədi. İndi olduğu kimi o yerlərin adları dəyişdirildi. Xaricdən gələn ermənilər isə Yerevan və ətrafında yerləşdilər, çoxu da geri qayıtdı. Boş qalan azərbaycan kəndləri xarabalıqlara çevrildilər. Bağırov göstəriş vermişdi ki, dağ rayonundan köçürülənlər ancaq pambıq rayonlarınada yerləşdirilməlidir. Nə qədər adam da o zaman zəhərdən, istidən öldü.
Stalin azərbaycanlıları Ermənistandan çıxarmağa icazə versə də, vahid SSRİ xatirinə ərazi toxunulmazlığını saxlayırdı.
Xruşşov dövründən başlayaraq torpaqlarımız rəsmi olaraq Ermənistana bağışlanmağa başlamışdı.
Azərbaycanlıları Ermənistandan tamamilə qovmaq arzularına nə Stalin, nə Xruşşov, nə də Brejnev dövründə nail ola bilmədilər. Bu arzularına Qorbaçov dövründə çatdılar.
1988-ci il sentyabrın 18-dən 22-dək Stepanakertdə (Xankəndində) yaşayan 15 min azərbaycanlı üç gündə oradan qovulmuşdu. Amma Azərbaycan rəhbərliyindən heç kim bu köçün qarşısını almadı.
1988-ci ilin noyabrında isə Ermənistandan azərbaycanlıları kütləvi surətdə qovdular. Noyabrın 28-i idi. Gecə saat 1-2 olardı, kəndimizə hay düşdü ki, Yerevandan saqqallılar gəlib bütün yolları kəsiblər, buradan heç kəsi sağ buraxmayacaqlar. Kim bacarır bu gecə dağ yolları ilə çıxıb getsin. Kənddə hamı bir-birinə dəymişdi, hamı ən vacib olan sənədlərini, pal-paltarlarını bir bağlamaya yığıb dağlara, meşələrə qaçdı.
Üç gün ərzində Masis rayonunda 40 ev yandırıldı, 480 ailə öz doğma ocağından çıxarıldı. Kəndlərə girən ermənilər, saqqallılar, silahlı başkəsənlər kəndləri talayıb sonra da yandırdılar, körpələri, qocaları doğradılar, sonra getdilər. Ara sakitləşəndə camaat kəndə gəldi, kəndimiz xaraba qalmışdı. "Ağa Dədə" adlı qəbirstanlığımızı tamam dağıtmışdılar. Bir-iki gün sonra kəndə 4 avtobus gəldi və camaatı Rəncbər kəndinə gətirdilər. Orada eşitdik ki, bir gündə 185 kənd boşaldılıb, nə qədər adam qəddarlıqla öldürülüb. 200 min insan Bakıya üz tutdu. Atları, mal-qaraları tövlədə, itləri zəncirdə qaldı. Ölülərini belə basdırmağa macalları olmadı. Lüt-üryan, soyuqda, sazaqda qarlı aşırımlardan aşıb qırıla-qırıla Azərbaycana gəldilər. Nə qədər donanlar, tara düşənlər olmuşdu. Ana balasını, bacı qardaşını axtarırdı. Bəzi kəndlərin camaatını da vertolyotlarla daşıyıb Azərbacana tökdülər. Bu vəhşilikləri jurnalistlər vaxtında yazsalar da, operatorlar lentə çəksələr də, nə redaksiyalar çap etmədilər, nə də televiziya ekranlarında göstərməyə qoymadılar. Ermənilərə xoş olsun deyə, bu qovalanmış insanlara hökumət köçkün adı verdi. Sən demə torpağını, ev-eşiyini, əzizlərinin məzarlarını qoyub, canlarını götürüb qaçanlar, namus qurbanı olan qız-gəlinlər, ac, lüt, ata-anasını itirmiş uşaqlar köçkün imişlər. Dünyanın heç bir xalqı, yarımvəhşiləri belə qəbirlərə toxunmurlar, ermənilər isə bu gün olduğu kimi nə qədər qəbirstanlıqlar dağıtdılar, aşıq Ələsgərin qəbrini dağıdıb, sümüklərini təhqir etdilər. S.Vurğunun büstünü uçurdular, muzeyini dağıtdılar. Hansı ki, erməni nasiri A.Koçaryanı ali məktəbə qəbul elətdirib, 5 il cibindən təqaüd verib, onlarla cavan erməni yazıçısını üzə çıxarıb, onlara çörək verib.
Bütün erməni kəndlərini hərbi qüvvələr qoruyarkən, Azərbaycan kəndlərini heç kim mühafizə etmədi. Ermənilər şıdırğı silahlananda, azərbaycanlıların əlindən ov tüfənglərini də aldılar.
Bunlardan gözü doymayan erməni qırılmışlar sonra da Dağlıq Qarabağı istədilər.
Ermənistandan, Dağlıq Qarabağdan olan qaçqınlar Naxçıvan MR-da, Gəncədə, Qazaxda, Şəmkirdə, Gədəbəydə, Daşkəsəndə, Abşeronda məskunlaşdılar.
Azərbaycanlılar tamamilə Ermənistan ərazisini tərk etdikdən sonra Sovet hökuməti qaçqınlığın qarşısını almaq haqda fərman verdi. Bu fərmanın verilməsinin əsl məqsədi ermənilərin Azərbaycandan getməsinin qarşısını almaq idi.
Bütün bu hadisələrin zirvə nöqtəsi 1990-cı il 19-20 yanvar hadisələri oldu. Doğma Qarabağı, torpaqlarımızı qorumaq üçün insanlar meydanlara axışdılar. Bu xalqı susdurmaq üçün Rus ordusu Bakıya yeridildi və o gecə əli yalın, dinc insanlarin üstünə tanklar sürüldü, gözə dəyən hər kəs öldürülürdü, yaşayış evləri, tibb müəssisələri atəşə tutulurdu, təcili yardım maşınları, yoldan keçən, yol kənarında dayanan avtomobillər tankların altına salınıb əzilirdi... O gecə Bakı qana qəltan edilmişdi. Həmin gün 168 nəfər ölmüş,175-i yaralanmış, 400-ün taleyi məlum deyildi. O gecə parçalanan, ağırlıq mərkəzi dəyişən, qərəzli qətl üçün nəzərdə tutulan güllələrdən istifadə edilmişdi.
Ən böyük qırğın Bakının girəcəyində, XI Qızıl ordu abidəsinin ətrafında olmuşdu. 1920-ci ildə Azərbaycana gələn, xalqımızı qıran, şərəfinə abidə qoyduğumuz XI Qızıl ordu 1990-cı ildə yenidən gəldi və adına ucaldılmış abidənin önündə yenidən xalqımızın qanını tökdü. Tarixin uyarlığına baxın: - 1905-ci il yanvarın 9-da "Qanlı bazar günü" çara olan inam gülləbaran edilmişdi, 1990-cı il yanvarın 20-də "Qanlı şənbə günü" Bakıda yalnız insanlar yox, Sovet hökumətinə inam da ölmüşdü.
Xalqın taleyi zülümkarlar əlində oyuncağa çevrildi. O gecə Azərbaycan xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar etdi.
Qorbaçov əsrlər boyu heç bir dövlət başçısının yol verə bilməyəcəyi cinayətə yol verdi. 10 ay sonra Qorbaçova Nobel sülh mükafatı verildi.
20 yanvardan əvvəlki 50 gündə respublikada hakimiyyət iflic vəziyyətinə düşmüşdü, açıq-aşkar hakimiyyətsizlik hökm sürürdü. Camaatı meydanlara tökən, bunu vətənpərvərlik adlandıran, Ermənistanda azərbaycanlı yoxdursa, Azərbaycanda da erməni qalmamalıdır deyənlər, onları talanlara təhrik edənlər, yanvarın 19-da camaatı axıradək dayanmağa çağıranlar, haydı igidlərim, azadlıq verilmir, alınır deyə-deyə yüzlərlə adamı ölümə göndərənlər, nədənsə nə özləri, nə də qohum-əqrəbaları o tankların qarşısına çıxmadılar, şəhid olmadılar.
Bax, oğlum, o xiyabanda gördüyün şəhidlərimiz silah-sursatlı, tanklı, BTR-li ordunun qarşısına əli yalın çıxdılar, ölümün üzünə şax baxdılar.
Bu xiyabanın yerində vaxtı ilə 1918-ci ilin martında Şaumyanın əlilə qırılan 10 mindən artıq azərbaycanlı dəfn edilmişdi. Adına Çəmbərəkənd qəbirstanlığı deyərdilər. O şəhidlər bu şəhidlərə gör necə qucaq açdılar.
Vəzirov Bakıdan ermənilərin çıxıb getməsinə şərait yaratdı. Onların aparılması, yerləşdirilməsi xərcləri SSRİ Nazirlər Sovetinin ehtiyat fondu hesabına ödənildi, sonra əvəzi Azərbaycan SSR-in büdcəsindən çıxıldı.
Hə, balalarım, hələ də xəyalımda Vətənin qarlı dağları, nazlı bulaqları, meşələri, yaylaqları canlanır. İnsan ümidsiz yaşaya bilməz. Mən inanırdım ki, gün gələcək haqq-ədalət öz yerini tapacaq. Gördüyümüz kimi tapdı da.
Vüsalə sözünü bitirib dərindən nəfəs aldı:
- Oğlum, inanıram ki, sən də Vətənimizə layiq bir övlad olacaqsan.
Hər kəsin gözləri dolmuşdu, heç kim danışmaq istəmirdi, Xəyalın balaca yumruqları düyünlənmişdi. Sonra Vüsalə qızına dönüb:
- Qızım, çox yoruldum, artıq gecə yarı olub, bir stəkan çay gətir, boğazım quruyub, çay içək, sonra da gedək yataq.
Röya əslində çoxdan bildiyi bu tarixi faciələri təkrar dinlədikdən sonra elə bil heykələ dönmüşdü, anlamadığı bir çox məqamlar indi ona daha aydın olmuşdu. O, anasının heç bir zaman danışmadığı, amma canlı şahidi olduğu hadisələri ilk dəfə eşidirdi. İndi anası onun gözündə daha da qiymətli idi, indi nədən anasının zaman-zaman xəyallara daldığının, fikirli olduğunun səbəbini daha yaxşı anlayırdı. Mətbəxə keçib təzə çay dəmlədi, hər kəs stolun ətrafında idi, amma heç kim danışmırdı. Sakitcə çaylarını içib yatmağa getdilər.
O gecə hamı yatsa da Vüsalə yata bilmədi, səhərə qədər doğma Sarvanlar kəndindəki 16 illik həyatını düşündü. Aradan 28 il keçsə də hər şey bu günkü kimi yadında idi. İlk sevgisi, ürəyinin ilk çırpıntısına səbəb olan Vasifin xəyalı hələ də gözləri önündə idi. Hələ də onu düşünəndə içində bir ağrı, sıxıntı, sızıltı duyurdu. Hələ də Vasifin uca boyu, parlaq, qara gözləri, gülən üzü gözləri önündə, nəşə dolu səsi qulaqlarında idi.
Vasif orta məktəbdə Vüsalədən iki sinif yuxarıda oxuyurdu. Evləri Vüsaləgilin evlərindən çox da uzaqda deyildi, arada 3-4 məhlə vardı, uşaqlıqları bərabər keçmişdi. Vasif 14-15 yaşlarından Vüsaləni sevirdi, kənd uşaqları da bunu bilirdi, Vüsalə də. Vüsalənin də ondan xoşu gəlirdi, amma büruzə verməyə utanırdı. Yaz-yay ayları qızlarla bərabər dağlara, meşələrə gəzməyə, kəklikotu, yarpız, gülxətmi və s. yığmağa gedərdilər. Kəndin oğlanları da onları müşayət edərdilər, bərabər gün keçirərdilər, hər kəsin bir gözaltısı vardı.
Kəndə erməni saqqallılarının gələcəyini eşitdikləri gecə Vasif atası ilə bərabər öz ailələrini meşədə yerləşdirib, kəndə qayıtdı. Vüsaləgilə gəlib onların bağlamala- rına kömək edərək öz atasıgilin yanına apardı. Sonra yenə kənd cavanları və kişiləri ilə bərabər başqa köməksiz ailələrə yardım etmək üçün kəndə qayıtmışdı. Kəndin camaatı meşələrdə, dağlarda gizlənmişdi. Vüsalə onu iki gün görmədi, nigarançılıqdan bilmirdi ki, neyləsin. İki gün sonra Vasif gəldi, çox yorğun, həyəcanlı və qəzəbli idi. Camaata bildirdi ki, saqqallılar kəndi tamam viran qoyublar, talayıb, sonra da evləri yandırıblar. Sabah avtobuslar gələcək, camaatı aparacaqlar.
İnsanlar ümidsizliklə bir-birinə baxıb - görəsən hara aparacaqlar, - deyə soruşurdular. Səhərisi gün kəndin kişiləri arvad-uşağı avtobuslara mindirib yola saldılar, özləri qalıb sonra gələcəklərini bildirdilər. Vasif də kənd cavanları ilə bərabər qaldı. Avtobuslar onları Rəncbər kəndinə gətirdi, bir neçə gün burada qaldılar. Kəndin kişilərinin çoxu sonrakı günlər ailələrinin yanına gəlsə də, bir qismi gəlməmişdi. Vasif və 10-12 kənd cavanı da onların içində idi. Qayıdanların onlardan xəbərləri yox idi. Vüsalə atasının gəlib çıxmasına sevinsə də, Vasifin gəlib çıxmaması onu çox üzürdü. İndi Vasifi nə qədər çox sevdiyini anlayırdı, hər gün qulağı səsdə, gözü yolda idi. Vasifin ailəsi də çox nigaran idi, anası hey ağlayırdı. Sonra vertolyotlar gəlib onları Bakıya gətirdi. Vüsalə o zamandan indiyədək Vasifdən bir xəbər ala bilmədi.Vasifin anası oğlunun dərdindən iki il sonra öldü. Amma aradan keçən bu 28 ildə elə bir gün olmadı ki, Vüsalə doğma kəndlərini, dağlarını, meşələrini, oradakı qayğısız, şən həyatını, canından çox sevdiyi Vasifi düşünməsin.
Qaçqınlıq həyatı onun bütün sevincini, nəşəsini, sevgisini aparmışdı. Üzünə yazılan əbədi kədəri, nisgili, həsrəti heç nə silə bilməmişdi. Ailə həyatı qursa da, canından çox sevdiyi iki balası olsa da, Vasif və Vətən həsrəti onun ürəyində əbədi yaşayırdı.
Səhərin nə zaman açıldığını Vüsalə hiss etmədi, düşüncələr içində sanki o illəri bir gecədə təkrar yaşamışdı. Əl-üzünü yuyub uşaqları oyatdı ki, durun, onlayn dərsə gecikirsiniz. Röya mətbəxə keçəndə heyrətdən yerində donub qaldı, gözlərini anasından çəkə bilmirdi:
- Ana, özünü necə hiss edirsən?
- Yaxşıyam, qızım, bir az yuxusuzam, gecə yata bilmədim.
Xəyal da gəlib stulu çəkdi:
- Bacı, çay ver.
Röyanın üzünə baxanda onun çaşqınlığını gördü, sonra anasına dönüb, hə ana, tez olun, - dedi və donub qaldı:
- Ana, saçlarına nə oldu?
Vüsalə təəccüblə:
- Heç nə, nolub ki, - dedi və dəhlizə keçib, güzgüyə baxdı, gözlərinə inanmadı. Ağarmış saçlarına baxaraq:
- Bu qədər olub-keçəni bir gecədə təkrar yaşayanda, belə də olmalı idi, - dedi.
Axşam Xəyal anasının saçlarını sığallayaraq öpdü və:
- Məni bağışla, ana, mən səbəb oıdum, - dedi.
- Sən yox oğlum, zalım fələk.
- Ana, mən Xiyabana yenə getmək istəyirəm, indi mən o şəhidləri daha yaxşı tanıdım, bir daha o qəhrəmanların ruhuna salam vermək istəyirəm.
- İnşaallah, oğlum, yaxın günlərdə yenə gedərik. Bu dəfə səni 2-ci Fəxri Xiyabana aparacam. Vətən müharibəsinin igid, qəhrəman oğulları o xiyabanda dəfn olunub. Çox şükür ki, torpaqlarımızı o murdar ermənilərdən geri aldıq. Bu gün bayrağımız yenə doğma Qarabağımızda dalğalanır.
Hə, ana, Ali Baş Komandanımız dediyi kimi: "Qarabağ Azərbaycandır!"
#deprem #yazık #Lazkiye #Colani #Esad #SiyahKalp #Prof. Dr. Engin ARIK#Enerji #FBvRFC #Tadic #Mourinho #Talisca #YisifTekinistifa #Ali Rıza Aldık #AdnanSuphanoğlu #İran